“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraiti ilə əlaqədar yarana biləcək çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.
Məlumata görə, hazırda qatarlar hərəkətini qrafik üzrə davam etdirir, əməkdaşlar isə bütün sahələrdə nəzarəti təmin edir.
“Bəzi sahələrdə təhlükəsizliyin təmin olunması məqsədilə sürət həddinin azaldılması səbəbindən qatarların hərəkət qrafikində qismən kənarlaşmalar mümkündür.”
ADY bildirir ki, bu addımlar sərnişinlərin və hərəkətin təhlükəsizliyini qorumaq üçün atılır.
Eyni zamanda qurum hərəkət iştirakçılarına xüsusi xəbərdarlıq edib.
“Belə hava şəraitində dəmir yolu keçidlərindən istifadə zamanı diqqətli və ehtiyatlı olunması tövsiyə edilir.”
Sərnişinlərdən isə stansiya və platformalarda qatar gözləyərkən diqqətli olmaları xahiş olunur.

