Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sel sularının avtomobil yollarına və yol infrastrukturu obyektlərinə vurduğu ziyanın aradan qaldırılması istiqamətində işləri gücləndirilmiş rejimdə davam etdirir. Bu barədə qurum məlumat yayıb.
Bildirilib ki, son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar nəticəsində bir sıra avtomobil yollarında, körpülərdə və suötürücü qurğularda zədələnmələr qeydə alınıb.
Zərər dəymiş ərazilərə operativ şəkildə agentliyin əməkdaşları və xüsusi texnikalar cəlb olunub. Hazırda yollarda palçıq, lil və daş qalıqlarının təmizlənməsi, eyni zamanda bərpa işləri aparılır.
Eyni zamanda, yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görülür, zərurət yarandıqda isə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır.
Qurum qeyd edib ki, təhlükəsiz və fasiləsiz hərəkətin təmin olunması üçün bütün zəruri tədbirlər həyata keçirilir.
AAYDA sürücülərə, xüsusilə dağ və dağətəyi ərazilərdən keçən yollarda diqqətli olmağı, hava şəraitini nəzərə almağı və yol hərəkəti qaydalarına ciddi əməl etməyi tövsiyə edir.

