Hörmüz boğazında yaranan vəziyyət paytaxtda avtomobil yağları bazarına birbaşa təsir göstərməyə başlayıb.
DenMedia.az Xəzər TV-ə istinadən xəbər verir ki, ekspertlər və sektor iştirakçıları bəzi Avropa markalarına məxsus məhsullarda qiymət artımını qeydə alır.
Bildirilir ki, əvvəllər təxminən 100 manata satılan bəzi yağlar hazırda 120–125 manata təklif olunur. Satıcıların sözlərinə görə, Avropa zavodları üçün baza yağlarının təxminən 40 faizi Qətər, Səudiyyə Ərəbistanı və Dubaydan tədarük olunurdu. Boğazdan keçidin çətinləşməsi xammalın kəskin bahalaşmasına səbəb olub və bu artıq hazır məhsulun qiymətində 20–25 faiz artım yaradıb.
Bakı bazarında vəziyyət hazırda birmənalı deyil. Bəzi servis mərkəzləri və mağazalarda qiymətlər hələlik əvvəlki tariflərlə alınmış ehtiyatlar hesabına sabit qalır.
Ancaq bazarda artıq çatışmazlıq hiss olunur. Satıcılar bildirir ki, anbar ehtiyatları tükənmək üzrədir, yeni sifarişlər isə logistika problemləri səbəbindən gecikir. Bəzi markalar üzrə qıtlıq yaranıb və müştərilərə alternativ məhsullar təklif olunur.
Ən ciddi bahalaşma Almaniya, İspaniya, Fransa, Portuqaliya və Polşadan gətirilən məhsullarda müşahidə olunur. Eyni zamanda, Rusiya, Cənubi Koreya və ABŞ istehsalı olan yağlarda hələlik qiymət sabitliyi qorunur.
Ekspertlər xəbərdarlıq edir ki, regionda gərginlik davam edərsə, bazarda əvvəlcə daha geniş qıtlıq, daha sonra isə idxal olunan yeni partiyalar üzrə ümumi qiymət artımı qaçılmaz ola bilər.

