Amerikalı milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu Rusiyanın “LUKOYL” neft şirkətinin xarici aktivlərini almağa hazırlaşır.
Reuters danışıqlardan məlumatlı dörd mənbəyə istinadən xəbər verir ki, sövdələşmənin şirkətin dondurulmuş qiymətli kağızları müqabilində həyata keçirilməsi nəzərdə tutulur.
Konsorsiumun maraqlarını təmsil edən bank artıq Qərbin investisiya fondlarından milyardlarla dollar dəyərində dondurulmuş “LUKOYL” səhmləri alıb.
İnvestorlar arasında Birləşmiş Ərəb Əmirliklərinin International Holding Company və Al Hail Holding şirkətləri, ABŞ-ın Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyası, eləcə də Suriya-Qətər mənşəli Əl-Xəyyat qardaşları yer alır.
Satışı nəzərdə tutulan aktivlərə Avropa, Yaxın Şərq və Afrikada yerləşən neft yataqları, neft emalı zavodları və yanacaqdoldurma məntəqələri daxildir.
Mənbələrin bildirdiyinə görə, 2026-cı ilin yanvarında 22 milyard dollar dəyərində qiymətləndirilən aktivlərin qiyməti bəzi müəssisələrin fəaliyyətini dayandırması səbəbindən sonradan aşağı düşüb.

