Fövqəladə Hallar Nazirliyi əhaliyə çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməklə bağlı müraciət edib.
Nazirlikdən bildirilib ki, bəzi vətəndaşlar hələ də suda təhlükəsiz davranış qaydalarına etinasız yanaşırlar. Bu isə insanların həyat və sağlamlığı üçün ciddi risk yarada bilər.
FHN xatırladıb ki, çimmək üçün nəzərdə tutulmayan yerlərdə, o cümlədən kanallarda və çaylarda çimmək qadağandır. Həmçinin çimərlikdə müəyyən edilmiş sərhədlərdən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək və spirtli içkinin təsiri altında suya daxil olmaq yolverilməzdir.
Bundan başqa, xilasedici texnika istisna olmaqla, qayıqların və kiçikhəcmli gəmilərin çimərlik zonasına daxil olması da qadağan edilir.
Nazirlik uşaqlarla bağlı valideynlərə xüsusi xəbərdarlıq edib. Bildirilib ki, uşaqlar çimərlikdə mütləq böyüklərin daimi nəzarəti altında olmalıdırlar.
Eyni zamanda vətəndaşlara xilasedicilərin göstərişlərinə və xəbərdaredici nişanların tələblərinə əməl etmək tövsiyə olunur.
FHN vurğulayıb ki, uzun müddət günəş altında qalmaq və hava qaraldıqdan sonra çimmək sağlamlıq üçün təhlükəlidir.

