Dağıstan Respublikasında Azərbaycanla sərhəddə yerləşən “Taqirkənd-Kazmalar” buraxılış məntəqəsinin yenidən qurulması layihəsi təsdiqlənib.
RBK-nın məlumatına görə, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Yenidənqurmadan sonra məntəqənin sutkalıq buraxılış qabiliyyəti təxminən 4 dəfə – 600-dən 2 300 nəqliyyat vasitəsinədək artırılacaq.
Hərəkət zolaqlarının sayı isə 8-dən 20-yə çatdırılacaq. Ərazidə 99 yeni bina və qurğunun inşa edilməsi, həmçinin müasir avadanlıqların quraşdırılması nəzərdə tutulur.
Yeniliklər nəticəsində yük avtomobillərinin yoxlanılması müddətinin 10 dəqiqəyədək azaldılması planlaşdırılır.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi bu buraxılış məntəqəsindən keçir. Burada yükdaşımalarına 29 aprel 2022-ci ildən başlanılıb. Hazırda məntəqədən gündə orta hesabla 230 yük avtomobili keçir.
Obyektin yenidən qurulmasına 2022-ci ildə başlanılıb. “Taqirkənd-Kazmalar” buraxılış məntəqəsində işlərin 2028-ci ilin IV rübündə başa çatdırılması planlaşdırılır.

