Yer kürəsində G1 səviyyəli zəif maqnit qasırğası başlayıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Bildirilib ki, sentyabrın ilk maqnit qasırğası Bakı vaxtı ilə təxminən saat 12:00-da başlayıb.
Laboratoriyanın məlumatına görə, geomaqnit aktivlik dövrü iki sutkayadək davam edə bilər. Bu müddət ərzində G2 səviyyəli orta güclü, az ehtimalla isə G3 səviyyəli güclü maqnit qasırğalarının baş verməsi mümkündür.
Alimlərin proqnozlarına əsasən, geomaqnit aktivlik qütb parıltılarının müşahidə olunduğu zonanın sərhədinin orta enliklərə doğru əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olub.
Qeyd edək ki, sentyabrın 7-də alimlər Günəşdə bir neçə gün ərzində qeydə alınan kütləvi plazma püskürmələri səbəbindən Yer kürəsində maqnit qasırğalarının baş verəcəyini proqnozlaşdırmışdılar.
G1 səviyyəsi (Kp=5) minimal maqnit qasırğası hesab olunur. Bu zaman elektrik şəbəkələrində zəif dalğalanmalar, yüksək enliklərdə radiosiqnallarda cüzi maneələr yarana, şimal bölgələrində qütb parıltıları müşahidə edilə bilər.
G2–G3 səviyyəli qasırğalar zamanı GPS, peyk sistemləri və elektrik şəbəkələrində daha çox pozuntu yarana bilər. G4–G5 səviyyələri isə güclü və ekstremal hesab olunur və enerji sistemləri, radioəlaqə və peyklərin fəaliyyətinə daha ciddi təsir göstərə bilər.

