Türkiyədə televiziya yayımlarına və rəqəmsal platformalara süni intellekt vasitəsilə nəzarət edəcək “Via+” sisteminin hazırlanması yekunlaşmaq üzrədir.
Bu barədə Türkiyənin Radio və Televiziya Ali Şurasının (RTÜK) sədri Mehmet Daniş TRT Haber-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yeni sistem sutka ərzində 800-dən çox telekanalı izləyə və qanun pozuntularını aşkar edə biləcək.
Daniş platformanı media sahəsinin “polad günbəzi” adlandıraraq onun informasiya məkanına dövlət nəzarətinin imkanlarını genişləndirəcəyini vurğulayıb.
“Via+” eyni vaxtda altı peykdən məlumat qəbul edə, internet resurslarını təhlil edə və aşkarlanan qanun pozuntularını yekun qiymətləndirmə üçün müvafiq mütəxəssislərə göndərə biləcək.
Sistem gündəlik 19 200 saatlıq səs materialını emal etmək, məzmunu 12 dilə tərcümə etmək və 300 milyondan çox videokadrı təhlil etmək imkanına malik olacaq.
RTÜK sədrinin sözlərinə görə, layihənin təxminən 90 faizi tamamlanıb. Hazırda sistemin sınaqları və əməkdaşların təlimi davam etdirilir.

