İki dərmanın birlikdə tətbiqi ilə “pis” xolesterolun intensiv şəkildə azaldılması ürək damarlarında yaranan aterosklerotik lövhəciklərin kiçilməsinə kömək edə bilər.
Bu nəticə “JAMA Cardiology” elmi jurnalında dərc olunan klinik araşdırmada öz əksini tapıb.
Tədqiqatda Danimarkadan olan, ürəyin işemik xəstəliyindən əziyyət çəkən və tac damarlarında ciddi daralma müşahidə edilən 104 xəstə iştirak edib.
İştirakçılar iki qrupa bölünüb. Birinci qrupa gündəlik atorvastatin, ikinci qrupa isə rozuvastatin və ezetimib preparatlarının kombinasiyası təyin edilib. Xəstələrin damarlarının vəziyyəti 18 ay ərzində kompüter tomoqrafiyası vasitəsilə izlənilib.

Nəticələr göstərib ki, iki preparatın birlikdə istifadəsi “pis” xolesterolun səviyyəsini 65 faiz, tək preparatla müalicə isə 38 faiz azaldıb.
Bununla yanaşı, damarlardakı aterosklerotik lövhəciklərin ümumi həcmi kombinə edilmiş müalicə zamanı 21,1 faiz, standart müalicədə isə 13,6 faiz kiçilib.
Xüsusilə təhlükəli hesab olunan yumşaq, yağ tərkibli lövhəciklərin həcmində də nəzərəçarpan azalma müşahidə edilib. Bu göstərici müvafiq olaraq 28,2 və 20 faiz təşkil edib.
İki dərmanla müalicə alan xəstələrin 90 faizində, standart müalicə qrupunda isə 75 faizində lövhəciklərin ümumi həcmi azalıb.
Alimlərin fikrincə, xolesterolun intensiv şəkildə aşağı salınması aterosklerozun inkişafını ləngitməklə yanaşı, damarlarda yaranmış dəyişikliklərin qismən geriləməsinə də imkan verə bilər.

