Hamilə qadınlarda A vitamini çatışmazlığı körpələrin daha yüksək çəki ilə dünyaya gəlməsi ilə əlaqəli ola bilər.
Norveç Elm və Texnologiya Universitetinin alimləri bu nəticəyə gəliblər. Araşdırmanın nəticələri “Frontiers in Nutrition” elmi jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində hamiləliyi fəsadsız keçən 723 qadının sağlamlıq göstəriciləri təhlil edilib. Onlardan hamiləliyin ikinci və üçüncü trimestrlərində qan nümunələri götürülüb və A vitamininin səviyyəsi körpələrin doğum çəkisi ilə müqayisə olunub.
Məlum olub ki, üçüncü trimestrdə qadınların 43 faizində A vitamininin səviyyəsi kifayət qədər olmayıb. Körpələrin 17,3 faizi isə 4 kiloqram və daha artıq çəki ilə doğulub.
Araşdırmaya əsasən, ananın qanında A vitamininin səviyyəsinin hər litr üçün 0,2 mikromol azalması körpənin doğum çəkisinin 31–68 qram yüksək olması ilə əlaqələndirilib.

Alimlər bildiriblər ki, körpənin normadan artıq çəki ilə doğulması doğuş zamanı fəsadların yaranma riskini artıra bilər. Belə uşaqlarda gələcəkdə artıq çəki problemi də daha çox müşahidə olunur.
A vitamini balıq, yumurta, süd məhsulları, kök və digər tərəvəzlərdə mövcuddur. Lakin mütəxəssislər hamiləlik dövründə bu vitaminin həddindən artıq qəbulunun da təhlükəli olduğunu və dölün inkişafında pozuntulara səbəb ola biləcəyini vurğulayıblar.
Tədqiqatçılar qeyd ediblər ki, aşkar edilən əlaqə A vitamini çatışmazlığının körpənin çəkisinin artmasına birbaşa səbəb olduğunu sübut etmir.

