Tənhalıq və sosial təcrid orqanizmin bioloji qocalmasının sürətlənməsi və vaxtından əvvəl ölüm riskinin artması ilə əlaqəlidir.
Bu nəticə alimlərin “Health Psychology” jurnalında dərc olunan araşdırmasında öz əksini tapıb.
Tədqiqatda orta yaş həddi 56 olan 309 746 nəfər iştirak edib. Onların sağlamlıq vəziyyəti orta hesabla 14,4 il ərzində izlənilib. Mütəxəssislər xüsusi sorğular vasitəsilə iştirakçıların tənhalıq və sosial təcrid səviyyəsini müəyyənləşdirərək nəticələri onların bioloji yaşı ilə müqayisə ediblər.
Araşdırma göstərib ki, həm tənhalıq hissi, həm də sosial əlaqələrin məhdudluğu orqanizmin daha sürətli qocalması ilə əlaqəlidir. Eyni zamanda həm tənhalıq yaşayan, həm də sosial təcrid vəziyyətində olan insanlarda mənfi təsirlərin üst-üstə düşdüyü müəyyən edilib.
Sosial təcrid göstəricisinin hər əlavə balı ümumi ölüm riskinin 13,9 faiz, tənhalıq göstəricisinin hər əlavə balı isə 8,9 faiz artması ilə əlaqələndirilib.

Əlavə genetik təhlillər tənhalığın bioloji qocalmanın sürətlənməsində müəyyən rol oynaya biləcəyini göstərib.
Bununla yanaşı, müntəzəm olaraq klublara və idman zallarına getmək, eləcə də dini həyatda iştirak etmək daha sürətli bioloji qocalma riskinin aşağı olması ilə əlaqələndirilib.
Alimlərin fikrincə, bioloji qocalma tənhalıqla ölüm riskinin artması arasındakı əlaqəni qismən izah edə bilər.

