Azərbaycan güləşçiləri Tunar Quliyev və Elgün Kərimli Seneqalın paytaxtında keçirilən IV Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qızıl medal qazanıblar.
70 kiloqram çəki dərəcəsində mübarizə aparan Tunar Quliyev finalda Gürcüstan təmsilçisi Luka Maxaradzeni məğlub edərək Olimpiya çempionu olub.
Güləşçimiz qrup mərhələsində Yeni Zelandiya, Anqola və Puerto-Riko təmsilçilərinə qalib gəlib. Yarımfinalda ukraynalı Nikita Kuzmenkonu da məğlub edən Quliyev həlledici qarşılaşmada qələbə qazanaraq qızıl medala sahib çıxıb.
Azərbaycanın digər təmsilçisi Elgün Kərimli isə 90 kiloqram çəki dərəcəsində Olimpiya çempionu olub.
Kərimli qrup mərhələsində braziliyalı Allan de Souzanı 3:0, yarımfinalda isə seneqallı Ablay Diufu 5:0 hesabı ilə məğlub edib.
Finalda Gürcüstanı təmsil edən həmyerlimiz Nurəddin Mustafayevə 3:1 hesabı ilə qalib gələn Elgün Kərimli də qızıl medal qazanıb.
Beləliklə, Azərbaycan güləşçiləri Dakar-2026-da iki Olimpiya çempionluğu əldə ediblər.

