Polşanın Krakov şəhərinin mərkəzində 6 nəfərin ölümü ilə nəticələnən silahlı hücumu törətməkdə şübhəli bilinən şəxsin valideynləri və bacısı yaşadıqları mənzildə ölü tapılıb.
Polşa polisinin məlumatına görə, Ostrovets-Şventokşiski şəhərində yerləşən mənzildə üç nəfərin meyiti aşkarlanıb.
“Ötən gün polis əməkdaşları mənzildə 53 yaşlı kişinin, 52 yaşlı qadının və 21 yaşlı gənc qadının meyitini aşkar ediblər. Onlar Krakovda saxlanılan 24 yaşlı şəxsin valideynləri və bacısıdır”, – deyə polisin X sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib.

Avropa mediasının məlumatına görə, ilkin əlamətlər hər üç şəxsin odlu silahdan açılan atəş nəticəsində həyatını itirdiyini göstərir.
Qeyd edək ki, noyabrın 7-də Krakovun Bazar meydanı yaxınlığında silahlı hücum baş verib. Şəxsi avtomobildən piyadalara atəş açan 24 yaşlı şəxs 4 qadın və 2 kişi olmaqla, ümumilikdə 6 nəfərin ölümünə səbəb olub. Hadisə zamanı 10-dan çox insan yaralanıb.
Polşa vətəndaşı olduğu müəyyən edilən hücumçu polis tərəfindən saxlanılıb. Saxlanılarkən yaralanan şəxs xəstəxanaya yerləşdirilib.
Hazırda polis hücumun motivlərini araşdırır. Yayılan məlumatlara görə, şübhəli şəxs ifrat sağçı baxışlara meyilli olub.

