ABŞ-nin dövlət katibi Marko Rubio Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Əbu-Dabidə keçiriləcək danışıqlarda irəliləyiş əldə olunmasının mümkünlüyünü bildirib.
Rubio jurnalistlərə açıqlamasında ABŞ nümayəndələri Cared Kuşner və Stiv Uitkoffun iştirak edəcəyi danışıqlara toxunub.
“Ola bilsin ki, sabah Əbu-Dabidə Cared və Stivin iştirakı ilə müəyyən irəliləyiş əldə etmək mümkün olsun”, – deyə o bildirib.
ABŞ-nin dövlət katibi qeyd edib ki, Ukrayna və Avropa üçün təhlükəsizlik təminatları məsələsinin müzakirəsinə başlamaq üçün ilk növbədə münaqişənin aradan qaldırılması zəruridir.
“Rusiya-Ukrayna münasibətlərindən danışdığımız bütün bu müddət ərzində təhlükəsizlik təminatlarının zəruriliyi məsələsi daim gündəmə gətirilib. Söhbət müharibədən sonra Ukraynanın və daha geniş mənada Avropa qitəsinin təhlükəsizlik sisteminin necə qurulacağından gedir”, – deyə Rubio vurğulayıb.
Dövlət katibi ABŞ Prezidenti Donald Trampın açıqlamalarını da şərh edib.
Onun sözlərinə görə, Tramp münaqişədən sonrakı dövrdə təhlükəsizlik sisteminin necə formalaşdırılacağı ilə bağlı müəyyən irəliləyişlərin əldə olunduğuna işarə etmiş ola bilər.

