ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahudan 2025-ci ildə İsrailin razılıq verdiyi Qəzza zolağında vəziyyətin nizamlanmasına dair sülh planının həyata keçirilməsi istiqamətində konkret addımlar atmağı istəyib.
Axios portalı vəziyyətlə tanış olan iki mənbəyə istinadən xəbər verir ki, Tramp noyabrın 5-də Netanyahu ilə telefon danışığı zamanı Qəzza üzrə sülh planının icrasına başlanılmasını gözlədiyini bildirib.
Məlumata görə, ABŞ administrasiyası İsraildə keçirilən seçkilər ərəfəsində bu məsələnin seçki kampaniyasının müzakirə mövzusuna çevrilməsini istəməyib.
Lakin seçkilər artıq başa çatdığından Tramp İsrailin növbəti baş nazirinin kim olacağından asılı olmayaraq, planın həyata keçirilməsini istəyir.
Axios-un məlumatına əsasən, telefon danışığında ABŞ-nin dövlət katibi Marko Rubio, eləcə də amerikalı danışıqçılar Stiv Uitkoff və Cared Kuşner iştirak ediblər.
Telefon danışığı Netanyahunun təşəbbüsü ilə baş tutub və konstruktiv şəraitdə keçib.
Tərəflər söhbət zamanı İranla bağlı münaqişəni də müzakirə ediblər.

