Gəncə şəhərində fərdi yaşayış evində qanunsuz fəaliyyət göstərən və dönərxanaları toyuq əti ilə təmin edən emal sexi aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, Agentliyin Gəncə-Daşkəsən regional bölməsi tərəfindən Gəncə şəhəri, Əli Məmmədov küçəsi, ev 1 ünvanında yerləşən və Telman Mustafayevə məxsus fərdi yaşayış evində yoxlama keçirilib.
Yoxlama zamanı müəssisədə baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına riayət edilmədən toyuq ətinin sümükdən ayrıldığı və dönərxanalara satıldığı müəyyən olunub.
Həmçinin məlum olub ki, dondurulmuş toyuqların donu açıq havada açılıb, məhsullar baytarlıq ekspertizasından keçirilməyib və müvafiq etiketləmə, eləcə də markalanma aparılmadan dönərxanalara göndərilib.
Bundan başqa, toyuq ətinin şəxsi avtomobillə, tələb olunan temperatur rejiminə əməl edilmədən daşındığı aşkarlanıb.
Yoxlama zamanı məhsullardan nümunələr götürülərək laborator müayinələrə göndərilib. Ümumilikdə 840 kiloqram dondurulmuş və 22 kiloqram donu açılmış toyuq əti məsul saxlanmaya verilib.
Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib və qanunsuz fəaliyyət göstərən sexin işi dayandırılıb.

