ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İranla yeni atəşkəsə nail olmaq və nüvə danışıqlarını bərpa etmək məqsədilə son iki həftə ərzində dolayı danışıqlarda iştirak etdiyi iddia olunur.
“Axios” nəşri iki mənbəyə istinadən xəbər verir ki, Vens Qətər və Pakistanın vasitəçiliyi ilə İran tərəfi ilə təmasları davam etdirir.
O, Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani, Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, feldmarşal Asim Munir və digər vasitəçilərlə demək olar ki, hər gün danışıqlar aparıb.
Prosesdə Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də iştirak ediblər.
Tərəflər yaxın günlərdə texniki səviyyədə görüşün keçirilməsi imkanını müzakirə etsələr də, hələlik belə bir görüş baş tutmayıb.
İki həftə əvvəl Vens İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə məktub göndərərək birbaşa danışıqlara qayıtmağı təklif edib. İran rəsmiləri məktubun danışıqlara müsbət təsir göstərdiyini bildiriblər.
Vens daha əvvəl İranla müharibəni noyabrın 3-də ABŞ-də keçirilən aralıq seçkilərində respublikaçıların məğlubiyyətinin əsas səbəbi adlandırıb.

