İtaliyanın xarici işlər naziri Antonio Tayaninin şəxsi məlumatları internetin qaranlıq şəbəkəsində (darknet) yayılıb. Nəticədə nazir və ailə üzvləri təhdid və hədə-qorxu ilə üzləşiblər.
Associated Press (AP) agentliyinin məlumatına görə, kibercinayətkarlar bir neçə gündür nazirin şəxsi məlumatlarını yayır və onun ailəsi haqqında əlavə informasiya əldə etmək üçün pul təklif edirlər.
Tayani hansı məlumatların sızdırıldığını və kiberhücumun arxasında kimlərin dayandığını açıqlamayıb.
“Heç bir halda məni qorxutmalarına imkan verməyəcəyəm. Nazirliyimi və İtaliyanı müdafiə etmək üçün fəaliyyətimi davam etdirəcəyəm”, – deyə o vurğulayıb.
İtaliyanın Baş naziri Corcia Meloni hadisədə Rusiyayönlü hakerləri ittiham edib. O, dövlət rəsmilərinin məxfi məlumatlarının satışa çıxarılmasını ciddi narahatlıq doğuran və qəti tədbirlər tələb edən məsələ adlandırıb.

