RSFSR-in Xalq artisti, tanınmış rusiyalı aktrisa Lidiya Fedoseyeva-Şukşina 88 yaşında vəfat edib.
Bu barədə sənətçinin qızı Mariya Şukşina sosial şəbəkə hesabında məlumat verib.
Oktyabrın 14-də aktrisa ürəyində yaranan problemlər səbəbindən reanimasiya şöbəsinə yerləşdirilmişdi.
1938-ci il sentyabrın 25-də Leninqradda anadan olan Fedoseyeva-Şukşina Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Sergey Gerasimov və Tamara Makarovanın rəhbərliyi altında təhsil alıb.

O, xüsusilə rejissor Vasili Şukşinin “Peçki-lavoçki” və “Kalina krasnaya” filmlərindəki rolları ilə məşhurlaşıb. Cütlük 1964-cü ildə ailə həyatı qurub, onların Mariya və Olqa adlı iki qızı dünyaya gəlib.
1974-cü ildə həyat yoldaşının ölümündən sonra aktrisa yaradıcılığını davam etdirib, onun irsinin qorunmasında fəal iştirak edib.
“Oni srajalis za Rodinu”, “12 stulyev” və “Vam i ne snilos” filmləri ilə də tanınan sənətçi 1984-cü ildə RSFSR-in Xalq artisti adına layiq görülüb.

