8 Noyabr – Zəfər Günü münasibətilə Abşeron rayonunda möhtəşəm tədbir keçirilib. Tədbir xalqımızın qəhrəmanlıq salnaməsini, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni, dövlətimizin qüdrətini və xalqın birliyini bir daha nümayiş etdirib.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri, Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə və müəssisə rəhbərləri, eləcə də minlərlə rayon sakini iştirak edib.
Bayram tədbiri Xırdalan şəhərində ucaldılmış Zəfər abidəsinin ziyarəti ilə başlayıb. Mərasim iştirakçıları abidənin önünə tər çiçəklər düzərək Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dualar oxunub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman oğul və qızlarımızın fədakarlığı bir daha dərin minnətdarlıqla xatırlanıb.
Qeyd edək ki, 8 Noyabr — Azərbaycan tarixinin ən şanlı, ən qürurlu səhifələrindən biridir. Bu gün Zəfər Günü kimi əbədiləşib. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazandı. Bu Qələbə təkcə hərbi sahədə deyil, mənəvi, siyasi və milli ruh baxımından da xalqımızın gücünü bütün dünyaya göstərdi.
Daha sonra tədbir Xırdalan şəhər Heydər Əliyev parkında davam etdirilib. Burada Zəfər Gününə həsr olunan möhtəşəm konsert proqramı təşkil olunub. Rəngarəng dekorasiyalar, dövlət bayraqları və Zəfər simvolları ilə bəzədilən parkda böyük izdiham yaşanıb.
Minlərlə tamaşaçının izlədiyi konsertdə ölkəmizin xalq və əməkdar artistləri, tanınmış ifaçılar və gənc musiqiçilər Vətən, azadlıq, qəhrəmanlıq və Zəfər mövzusunda mahnılar səsləndiriblər. Ruh yüksəkliyi, milli həmrəylik və qürur hissi konsert boyu tamaşaçıları müşayiət edib.
Bildirilib ki, uzun illər boyu hər bir azərbaycanlının ürəyində bir arzu vardı – torpaqlarımızın azadlığı. Otuz ilə yaxın işğal altında qalan yurd yerlərimiz, məscidlərimiz, abidələrimiz və qəbiristanlıqlarımız düşmən tapdağı altında idi. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi bu həsrətin sonunu gətirdi. Cəmi 44 gün ərzində Azərbaycan Ordusu rəşadətlə döyüşərək Şuşanı azad etdi, düşməni diz çökdürdü və Azərbaycan tarixi Zəfərini yazdı.
Tədbir çərçivəsində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələrinin üzvləri ilə görüşüb. Onları Zəfər Günü münasibətilə səmimi təbrik edərək, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi daimi qayğıdan danışıb. İcra başçısı vurğulayıb ki, bu Qələbə Azərbaycan xalqının birliyi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və şəhidlərimizin müqəddəs qanı bahasına qazanılıb. 8 noyabr 2020-ci ildə Şuşanın azad olunması ilə müharibənin taleyi həll olundu. Şuşa şəhərinin azadlığı Azərbaycan xalqı üçün qürur, sevinc və fəxarət mənbəyidir. Bu, təkcə bir şəhərin azadlığı deyil, bütöv bir xalqın qəhrəmanlıq iradəsinin təntənəsi idi. Prezident İlham Əliyev həmin günü Zəfər Günü elan etməklə xalqın yaddaşında əbədi bir tarix yaratdı. Zəfər Günü — bu torpağın övladlarına qürur, güvən və məsuliyyət aşılayan bir gündür. Biz bu Qələbəni qorumaq, şəhidlərin ruhuna layiq olmaq və daha qüdrətli Azərbaycan naminə çalışmaqla borcumuzu yerinə yetiririk.
Tədbirdə qeyd olunub ki, Zəfər Günü həm də şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram günüdür. Onlar torpaq, Vətən, bayraq uğrunda canlarını fəda edərək bu Qələbəni bizə yaşatdılar. Azərbaycanın igid oğulları və qızları ölümün gözünə dik baxaraq tarixə adlarını qızıl hərflərlə yazdılar. Hər bir şəhidin, hər bir qazinin payı bu Zəfərdə var.
Bu tarixi Qələbənin əsas memarı, Azərbaycan xalqını bir amal uğrunda birləşdirən şəxsiyyət — Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev oldu. Onun siyasi iradəsi, dəmir məntiqi, ordumuza və xalqımıza inamı Zəfərin təməl daşı idi. Xalq bir yumruq kimi birləşdi, “Qarabağ Azərbaycandır!” şüarı milyonların qəlbində əbədi səsləndi.
Bu gün Zəfər Günü müstəqil Azərbaycanın gücünün, dövlətimizin əzəmətinin və xalqımızın sarsılmaz iradəsinin simvoluna çevrilib. Azad Qarabağda, bərpa olunan kəndlərdə, dirçələn şəhərlərdə üçrəngli bayrağımız qürurla dalğalanır.
Bu Qələbə nəsildən-nəslə ötürüləcək vətənpərvərlik dərsidir. Hər bir məktəbdə, hər bir evdə, hər bir azərbaycanlının qəlbində Zəfər Günü milli qürurun, şəhid ruhuna ehtiramın və Vətən sevgisinin təntənəsidir.
Sonda Zəfər Günü münasibətilə atəşfəşanlıq təşkil olunub. Göy üzünü bəzəyən parlaq rənglər xalqımızın sevincini, qürurunu və qələbə əzmini əks etdirib.
Abşeron sakinləri Zəfər Gününü böyük coşqu və qürur hissi ilə qeyd edərək, şəhidlərimizin ruhuna bir daha ehtiramlarını bildiriblər. Tədbir Azərbaycanın müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə sarsılmaz inamın nümayişi kimi yadda qalıb.
Zəfər Günü – qəhrəmanlıq tariximizin parlaq səhifəsi, xalqımızın milli qürur günüdür.
Abşeron rayonu bu möhtəşəm günün sevincini bütün xalqla birlikdə, vətənpərvərlik ruhunda qeyd etməklə bir daha göstərdi ki, Azərbaycan xalqı Zəfər salnaməsini daim qəlbində yaşadır.

