“Betmen” filmlərinin çəkilişlərində istifadə olunan məşhur motosiklet 900 min funt sterlinqədək qiymətlə hərraca çıxarılır.
CNN-in məlumatına görə, rejissor Kristofer Nolanın “Qara cəngavər” trilogiyası üçün hazırlanan altı motosikletdən biri “Propstore” hərrac evi tərəfindən satışa təqdim olunur.
Hərrac evinin rəhbəri Stiven Leyn motosikletin çəkiliş meydançasında həqiqətən hərəkət edə bilməsini mühəndislik möcüzəsi adlandırıb.
Nəqliyyat vasitəsinin hazırlanmasında Nolanla yanaşı, quruluşçu rəssam Neytan Krouli və “Oskar” mükafatlı xüsusi effektlər mütəxəssisi Kris Korbuld iştirak edib. Motosiklet 750 kubsantimetrlik “Honda” mühərriki və 31 düymlük nəhəng təkərlərlə təchiz olunub.

Hərracda Betmenin iki kostyumu da satışa çıxarılır. Onlardan birini Kristian Beyl 2005-ci ildə çəkilən “Betmen: Başlanğıc”, digərini isə Vel Kilmer 1995-ci ildə ekranlaşdırılan “Betmen əbədi” filmində geyinib.
Satışa, həmçinin “İndiana Cons” filmlərindən papaq və köynək, eləcə də “Taxt-tac oyunları” serialında Con Snounun istifadə etdiyi qılınc təqdim olunur.

