ABŞ prezidenti Donald Trampın administrasiyası yaxın vaxtlarda federal qurumlarda kütləvi ixtisarlar və işdən çıxarılmalar həyata keçirməyi planlaşdırır. DenMedia.az xəbər verir ki, bu barədə Politico yazır.
Nəşrin məlumatına görə, Ağ Evin İdarəetmə və Büdcə idarəsinin rəhbəri Rassell Vout artıq Nümayəndələr Palatasındakı respublikaçıları bu barədə xəbərdar edib.
Qəzetin mənbələri iddia edir ki, yüksək vəzifəli məmur qapalı məsləhətləşmələrdə kütləvi ixtisarların dəqiq vaxtını açıqlayıb — bir-iki gün ərzində. Vout həmçinin qeyd edib ki, “şatdaun” səbəbindən aztəminatlı ailələrin dəstəklənməsi proqramları dayandırılacaq.
Əgər hökumətin maliyyələşməsi bərpa olunmasa, 15 oktyabrdan etibarən hərbçilərə maaş verilməyəcək. Bundan əlavə, Vaşinqton Nyu-York ştatında infrastrukturun inkişafı üçün vəd edilən milyardlarla dolları ayırmamaq barədə də düşünür.
Bundan əvvəl xəbər verilmişdi ki, senatorlar dövlət qurumlarının maliyyələşdirilməsi ilə bağlı qanunu qəbul edə bilməyiblər. Bu isə ölkəni hökumətin fəaliyyətinin dayandırılması riski ilə üz-üzə qoyub. Səsvermə nəticəsi uğursuz olub: 55 əleyhinə, 45 lehinə (lazım olan 60 səs əvəzinə).
Daha sonra məlum olub ki, ABŞ hökumətinin işi yaxın saatlarda qismən dayandırılacaq. Lakin artıq 2 oktyabrda fəaliyyətin bərpa olunması ehtimalı var, – deyə Senatda respublikaçıların çoxluq lideri Con Tyun bildirib. Onun sözlərinə görə, bunun üçün ən azı bir neçə demokrat respublikaçıların maliyyələşmə təşəbbüsünü dəstəkləməlidir.