ABŞ hakimiyyəti öz diplomatlarına tapşırıb ki, müttəfiqləri BMT-də Kubaya qarşı embarqonun ləğvini tələb edən qətnaməyə qarşı səs verməyə inandırsın. Bu mövqeni əsaslandırmaq üçün Vaşinqton, o cümlədən kubalıların Ukraynaya qarşı Rusiyanın tərəfində döyüşlərdə iştirakını əsas gətirir.
DenMedia.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Agentlik 2 oktyabr tarixli ABŞ Dövlət Departamentinin daxili teleqramı ilə tanış olub. Sənəd ABŞ-ın dünyanın onlarla diplomatik missiyasına göndərilib.
Teleqramda qeyd olunur ki, həmin qətnamə ABŞ-ı Kubanın problemlərinə görə “qanunsuz şəkildə məsuliyyət daşıyan tərəf kimi göstərir”. Vaşinqton hesab edir ki, bu problemlər “Kubadakı korrupsiya və idarəetmədəki səriştəsizlik” nəticəsində yaranıb.
Sənəddə Kubaya yönəlik təxminən 20 bəndlik tənqid də yer alıb. Xüsusilə vurğulanır ki, Kuba hökuməti Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsini fəal şəkildə dəstəkləyir.