Naxçıvanda gömrük əməkdaşları 29 kiloqramdan çox metamfetaminin Azərbaycan ərazisindən tranzit yolla keçirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda psixotrop maddə aşkarlanıb.
“Şahtaxtı” gömrük postunda İrandan Azərbaycan ərazisindən keçməklə Almaniyaya “meyvə şirəsi və energetik içkilər” yükü daşıyan nəqliyyat vasitəsi yoxlamaya cəlb edilib.
Stasionar rentgen qurğusu vasitəsilə aparılan yoxlama zamanı yükdə şübhəli görüntülər müəyyən edilib. Həmçinin bəzi qutuların yandırılaraq digərlərindən fərqləndirilmək məqsədilə işarələndiyi aşkarlanıb.
Xidməti itin iştirakı ilə keçirilən əlavə yoxlama zamanı 11 qutuda kəskin qoxulu, qırmızı rəngli maye ilə doldurulmuş 84 şəffaf plastik butulka tapılıb.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində aparılan ekspertiza nəticəsində butulkalardakı mayenin metamfetamin olduğu müəyyən edilib.
Aşkarlanan psixotrop maddənin maye halında xalis çəkisi 29 kiloqram 485,111 qram təşkil edib.
Maddənin xüsusi üsullarla gömrük nəzarətindən gizlədildiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.

