ABŞ Prezidenti Donald Tramp İsraildə 99 faiz dəstəyə sahib olduğunu iddia edərək gələcəkdə bu ölkənin Baş naziri ola biləcəyini bildirib.
Tramp bu barədə mühafizəkar “Salem News Channel” telekanalına telefonla verdiyi müsahibədə danışıb.
İsrailə hər zaman güclü dəstək göstərdiyini vurğulayan ABŞ lideri mövqeyinin dəyişmədiyini və özünü İsrailə ən çox dəstək verən ABŞ prezidentlərindən biri hesab etdiyini söyləyib.
“İsraildə dəstək reytinqim 99 faizdir. Orada ən populyar insan mənəm. Bütün bunlar başa çatanda İsrailə gedib Baş nazir ola bilərəm”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti həmçinin Miçiqanda Demokratlar Partiyasının namizədi olan müsəlman Əbdül əl-Səidin respublikaçı rəqibindən daha çox yəhudi seçicinin səsini qazanmasına təəccübləndiyini ifadə edib.
İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün yenidən hərbi gücdən istifadə edib-etməyəcəyi soruşulan Tramp belə cavab verib:
“Xeyr, heç tərəddüd etmərəm”.
O, İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası ehtimalını da istisna etməyib. Bu barədə suala “Mümkündür” cavabını verib.
ABŞ lideri İranla bağlı vəziyyətin Vaşinqtonun xeyrinə inkişaf etdiyini iddia edərək Hörmüz boğazından müharibədən əvvəlki dövrlə müqayisədə daha çox neft daşındığını bildirib.
“Venesuelanı qazandıq və Hörmüz boğazına nəzarət edirik. Boğaz tamamilə bizim nəzarətimiz altındadır”, – deyə Tramp vurğulayıb.
İranla müharibənin ABŞ üçün asan keçdiyini iddia edən Prezident istədikləri vaxt qələbə qazana biləcəklərini söyləyib.
“Hazırda müharibədə qələbə qazanmaq prosesinin ortasındayıq”, – deyə o əlavə edib.

