Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə olunması ilə bağlı xəbərlərdə mövzuya aid olmayan fotoların istifadəsi manipulyativ vizual təqdimat kimi qiymətləndirilib.
Bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlamasında bildirilib.
Qeyd olunub ki, bir sıra media resurslarında Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə edilməsi üzrə işçi qruplarının yaradılması haqqında xəbərlər mövzuya uyğun olmayan görüntülərlə təqdim edilib.
Belə fotoların istifadəsi oxucularda hadisənin baş verdiyi məkan və iki ölkə arasındakı əməkdaşlığın mahiyyəti barədə yanlış təsəvvür yarada bilər.
Şuranın açıqlamasında vurğulanıb ki, həmin görüntülərin digər media resurslarında və sosial şəbəkələrdə təkrar paylaşılması yanlış məlumatların daha geniş auditoriyaya yayılmasına və əsassız müzakirələrə səbəb ola bilər.
Qurum media subyektlərini xəbərlərdə istifadə etdikləri fotoların mənbəyini və çəkildiyi yeri dərc etməzdən əvvəl yoxlamağa çağırıb.
Həmçinin vizual materialların xəbərin məzmununa uyğun seçilməsinin və auditoriyanı çaşdıra biləcək təqdimatlardan çəkinməyin vacibliyi qeyd olunub.


