ABŞ məhkəməsi FIFA-nın prezidenti Canni İnfantino ilə bağlı UEFA-nın sübut toplamasına mane olmaq cəhdini rədd edib.
“Deutsche Welle” (DW) xəbər verir ki, Nyu-Yorkun Cənub Dairəsi Federal Məhkəməsinin hakimi Canett Varqas FIFA-nın ABŞ-dəki iki törəmə qurumunun bununla bağlı müraciətini təmin etməyib.
UEFA avqust ayında İnfantinonun vəzifədən uzaqlaşdırılması məqsədilə məhkəməyə sübutların toplanması barədə müraciət edib. Avropa futbolunun ali idarəetmə qurumu maliyyə pozuntularına dair sübutlar aşkar ediləcəyi təqdirdə FIFA prezidenti barəsində İsveçrədə cinayət işi başlanması üçün şikayət verəcəyini açıqlayıb.
Dünya çempionatının kommersiya hüquqlarının satışı ilə bağlı qalmaqal
Araşdırmanın mərkəzində dünya çempionatı və digər FIFA turnirlərinin kommersiya hüquqlarını idarə edəcək şirkətin paylarının özəl investorlara satılmasını nəzərdə tutan “FIFA Forward Enterprise” (FFE) layihəsi dayanır.
İyul ayında ictimaiyyətə açıqlanan və təxminən 20 milyard dollar dəyərində qiymətləndirilən layihə futbol ictimaiyyətində ciddi narazılığa səbəb olub.
Üç qitə futbol konfederasiyası planı rədd edib, UEFA isə layihə geri götürülməyəcəyi təqdirdə FIFA turnirlərini boykot edəcəyi ilə hədələyib.
Məlumata görə, layihəni təsdiqləmələri müqabilində FIFA-ya üzv olan 211 milli federasiyanın hər birinə 20 milyon dollara qədər ödəniş təklif olunub.
Güclü etirazlardan sonra İnfantino layihədən imtina etmək məcburiyyətində qalıb.
Trampın kürəkəninin qardaşına məxsus şirkət də gündəmdə
Məhkəmə qərarından sonra UEFA sözügedən layihə ilə bağlı sənədlərin əldə edilməsi üçün ABŞ-nin “JP Morgan” bankına və “Thrive Capital” investisiya şirkətinə müraciət etmək imkanı qazanıb.
“Thrive Capital” ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin qardaşı Coşua Kuşnerə məxsusdur.
Hakim Canett Varqas qərarında FIFA-nın ABŞ-dəki törəmə qurumlarının bu işdə birbaşa, əhəmiyyətli və hüquqi baxımdan qorunan maraqlarının olmadığını bildirib.
FIFA-nın vəkilləri isə məhkəmənin UEFA-nın əsas müraciətinə hələ mahiyyəti üzrə baxmadığını və hazırkı qərarın hər hansı sənədin təqdim edilməsini məcburi etmədiyini vurğulayıblar.
11 ildir FIFA-ya rəhbərlik edən Canni İnfantino ciddi təzyiqlərlə üzləşsə də, vəzifəsindən getmək niyyətində deyil və növbəti prezident seçkilərində yenidən namizəd olmağı planlaşdırır.
İndiyədək yalnız yaponiyalı futbol funksioneri Kozo Taşima namizədliyini rəsmən açıqlayıb.
Məlumatlara görə, UEFA İnfantinoya qarşı alternativ namizəd kimi “Arsenal”ın keçmiş baş məşqçisi, hazırda FIFA-nın Qlobal İnkişaf Departamentinin rəhbəri olan Arsen Vengeri irəli sürməyə çalışır.
FIFA prezidentliyinə namizədlərin qeydiyyatı üçün son tarix noyabrın 18-dir.

