ABŞ-nin paytaxtı Vaşinqtonda 55 yaşlı həkimin silahlı hücumu nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Hücumdan sonra mənzilində gizlənən şübhəli şəxs polis əməliyyatı zamanı ölü tapılıb.
Hadisə noyabrın 12-də səhər saat 08:00 radələrində Vaşinqtonun Loqan-Sörkl (Logan Circle) rayonunda yerləşən “VIDA Fitness” idman zalında baş verib.
Məlumata görə, təcili tibbi yardım həkimi olan 55 yaşlı Mett Lambert idman zalında atəş açıb. Həmin vaxt zalda təxminən 50 nəfər olub.
Hücum nəticəsində bir nəfər hadisə yerində həlak olub. Şübhəli şəxsin daha sonra binanın yuxarı mərtəbəsindəki mənzilinin eyvanından atəş açaraq daha 4 nəfəri yaraladığı bildirilib. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilib.

Hadisədən sonra Lambert idman zalının yerləşdiyi binanın yeddinci mərtəbəsindəki lüks mənzilinə sığınıb və qapını barrikadalarla bağlayıb.
Polis əməkdaşları təxminən bir saat ərzində telefon vasitəsilə onunla danışıqlar apararaq təslim olmağa razı salmağa çalışıblar.
Bu müddətdə şübhəli şəxsin mənzilin qapısı arxasından polisə ən azı iki dəfə atəş açdığı bildirilib.
Danışıqlar zamanı mənzildən silah səsi eşidilib. Lambert telefon zənglərinə cavab vermədikdən sonra polis əməkdaşları qapını sındıraraq içəri daxil olublar.
Mənzildə güllə yarası almış vəziyyətdə tapılan həkimin öldüyü müəyyən edilib. İlkin məlumatlara görə, o, özünə atəş açıb.

Hadisədən sonra əraziyə çoxlu sayda polis və təcili tibbi yardım briqadası cəlb edilib. Ətraf küçələr nəqliyyatın hərəkətinə bağlanıb, yaxınlıqdakı bəzi məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Araşdırmalar zamanı Lambertin təxminən 1,1 milyon dollar dəyərində olan mənzilində su sızması və kif problemi səbəbindən bina rəhbərliyi ilə uzun müddətdir mübahisə yaşadığı üzə çıxıb.
Həkim iddia edib ki, binanın fasadında aparılan təmir işləri nəticəsində mənzilinə su sızıb və divarların daxilində kif yaranıb.
O, 2025-ci ilin martında bina rəhbərliyinə qarşı məhkəmə iddiası qaldıraraq mənzilinə 100 min dollardan artıq ziyan dəydiyini bildirib.
Məhkəmə sənədlərinə əsasən, Lambert yaranmış problemlər səbəbindən 2024-cü ilin noyabrından etibarən mənzilində yaşaya bilmədiyini iddia edib. Hadisə baş verən zaman məhkəmə prosesi hələ yekunlaşmayıb.
“New York Post”un məlumatına görə, həkimlə əlaqəli olduğu ehtimal edilən “X” hesabında hücumdan bir qədər əvvəl diqqətçəkən paylaşım edilib.
“Mənim manifestim mühəndislik hesabatıdır” ifadəsinin yer aldığı paylaşımda mənzildəki su sızması, rütubət və kif problemləri ilə bağlı texniki hesabat dərc olunub.
Polis Lambertin bina rəhbərliyi ilə mübahisə yaşadığını təsdiqləyib. Lakin həmin mübahisənin silahlı hücumun əsas səbəbi olub-olmadığı hələlik tam müəyyən edilməyib.
Hadisənin motivləri ilə bağlı araşdırmalar davam etdirilir.

