İkinci tip şəkərli diabeti nəzarətdə saxlamaq üçün qidalanma və həyat tərzində bir neçə sadə dəyişiklik etmək kifayətdir.
Bu barədə “Quta Klinik”in endokrinoloqu İrina Zyatikova “Lenta.ru”ya müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, şəkərli diabetə nəzarət etməyin əsas yollarından biri düzgün qidalanmadır. Bunun üçün ciddi aclıq pəhrizlərinə ehtiyac yoxdur.
Mütəxəssis ağ undan hazırlanan un məmulatları, şirniyyatlar, şəkərli qazlı içkilər və qablaşdırılmış meyvə şirələrinin istehlakını məhdudlaşdırmağı tövsiyə edib.

Bunun əvəzinə nişasta tərkibi az olan tərəvəzlərə, göyərtilərə və minimum emaldan keçmiş taxıl məhsullarına üstünlük verilməlidir.
Endokrinoloq həmçinin bədən çəkisinin 5–10 faiz azaldılmasını və qidalanma zamanı “karbohidrat yastığı” adlanan prinsipə əməl olunmasını məsləhət görüb.
Onun sözlərinə görə, bu üsul qidaların müəyyən ardıcıllıqla yeyilməsinə əsaslanır və qlükozanın sorulmasını ləngidərək qanda şəkər və insulin səviyyəsinin kəskin yüksəlməsinin qarşısını almağa kömək edir.
“Əvvəlcə tərəvəz və göyərti yemək lazımdır. Daha sonra zülal və yağ tərkibli qidalar qəbul edilməlidir. Yalnız bundan sonra karbohidratlara keçmək olar”, – deyə həkim izah edib.
Zyatikova şəkərli diabetin idarə olunmasında fiziki aktivliyin də mühüm rol oynadığını vurğulayıb.
O, həftədə ən azı 150 dəqiqə, məsələn, beş gün ərzində gündə 30 dəqiqə aerobik hərəkətlər etməyi tövsiyə edib. Sürətli yerimə, üzgüçülük, velosiped sürmək, Skandinaviya yerişi və rəqs bu fəaliyyətlərə daxildir.
Həkim şəkərli diabetdən əziyyət çəkən şəxsləri özbaşına müalicədən çəkinməyə çağırıb.
O bildirib ki, yalnız mütəxəssis lazımi müayinələri apararaq analizlərin nəticələrinə və yanaşı xəstəliklərə əsaslanan fərdi müalicə planı hazırlaya bilər.

