Ukrayna istintaq orqanları 2022-ci ildə Buçada mülki insanların kütləvi qətlə yetirilməsi ilə əlaqəli sayılan rus komandirinə ilk dəfə rəsmi şəkildə şübhəli statusu verib.
Global Rights Compliance fondunun məlumatına görə, 76-cı desant-hücum diviziyasının taqım komandiri Yuri Vladimiroviç Kimin 17 qətl və 4 mülki şəxsə qarşı amansız rəftar epizodlarında əli olduğu iddia olunur. İstintaqın bildirdiyinə görə, o, mülki şəxslərə zərər vurmaq və onları öldürmək barədə əmr verir, daha sonra isə cinayət izlərini gizlətmək üçün cəsədlərin yandırılmasını tapşırırdı.
Bundan əvvəl ittihamlar yalnız ayrı-ayrı Rusiya hərbçilərinə təqdim edilirdi. Kreml isə Buçada baş verənləri yenidən "feyk” adlandırıb.

