14 dekabrda Bondi çimərliyində baş vermiş terror aktı nəticəsində 15 nəfərin həlak olduğu ərazinin böyük hissəsi 17 dekabradək polis mühasirəsində qalacaq, çünki hadisə yerində kriminalistlərin işi hələ başa çatmayıb.
Denmedia.az xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının polis komissarı Mal Lennyon məlumat verib.
Onun sözlərinə görə, hücum yerində “kritik insident” üzrə genişmiqyaslı istintaq aparılır və antiterror əməliyyatı davam edir.
“Əməkdaşlarımızın bu son dərəcə mürəkkəb istintaq üçün kifayət qədər vaxta malik olması çox vacibdir və işin hərtərəfli aparılması önəmlidir,” — deyə Lennyon bildirib.
Komissar əlavə edib ki, Bondi çimərliyindəki cinayət yeri və ona bitişik küçələr ən azı sabaha — 17 dekabradək — polis tərəfindən bağlanacaq.
“Biz hələ də məhkəmə-kriminalistik və ballistik ekspertizaları davam etdiririk,” — deyə o dəqiqləşdirib.

