Amerikalı milyarder və Pershing Square investisiya fondunun rəhbəri Bill Ekman Sidneydə Bondi çimərliyində baş verən silahlı hücum zamanı şübhəlilərdən birini zərərsizləşdirən şəxsə təxminən 100 min dollar ianə edib. Bu barədə Britaniyanın Daily Mail qəzeti yazır.
Qeyd olunur ki, söhbət daha sonra xəstəxanaya yerləşdirilən 43 yaşlı meyvə satıcısı Əhməd əl-Əhməddən gedir.
Bill Ekmanın sosial şəbəkədə paylaşdığı məlumata görə, milyarder onun üçün GoFundMe platformasında ianə kampaniyası başladıb. Ümumilikdə 170 min dollardan çox vəsait toplanıb. Bunun 99 999 dollarını şəxsən Ekman ayırıb.
Daha əvvəl bildirilib ki, Sidneydə 16 nəfərin ölümü, 40 nəfərin yaralanması ilə nəticələnən silahlı hücumu ata və oğul törədib. Yeni Cənubi Uels ştatının polis komissarı Mal Lanyon mətbuat konfransında bildirib ki, 24 yaşlı oğul saxlanılarkən ağır yaralanıb, 50 yaşlı ata isə öldürülüb.
Qanlı hadisə Sidneydə Bondi çimərliyində baş verib.

