Çində 1 yanvar tarixindən etibarən şəxsi mesajlaşmalarda pornoqrafik materialların göndərilməsinə görə cəzaları sərtləşdirən yeni qaydalar qüvvəyə minir. Dəyişikliklər internetdə “əxlaqsız” məzmunun yayılmasına qarşı mübarizə məqsədi daşıyır və xüsusilə yetkinlik yaşına çatmayanların qorunmasına yönəlib.
Yeni normalar WeChat kimi messencerlərdə şəxsi yazışmaları da əhatə edir. Qanuna əsasən, bu cür materialların göndərilməsinə görə 700 ABŞ dollarına qədər cərimə və 15 sutkayadək inzibati həbs nəzərdə tutulur. Hakimiyyət bu addımı internetdə məzmun mübadiləsinin müxtəlif formalarından yaranan “boşluqların” aradan qaldırılması ilə əsaslandırır.
Qanunun sərtləşdirilməsinə səbəb olan əsas hadisə 2025-ci ilin yayında Telegram platformasında fəaliyyət göstərən MaskPark adlı qrupda qadınların razılığı olmadan çəkilmiş intim görüntülərin yayılması olub. Bu olay Çin cəmiyyətində qadınların obyektləşdirilməsi mövzusunda geniş müzakirələrə yol açıb.
Mütəxəssislər bildirirlər ki, yeni qaydalar gənclərin qorunmasına töhfə verə bilər, lakin eyni zamanda şəxsi həyata dövlət müdaxiləsi riskini də artırır. Qanunun razılıq əsasında böyüklər arasında aparılan intim yazışmalara da şamil olunub-olunmayacağı sual altındadır.
Çin sosial şəbəkələrində ictimai reaksiya birmənalı olmayıb: bir qrup istifadəçi bu addımı dəstəkləyir, digərləri isə şəxsi yazışmalar üzərində nəzarətin həddən artıq sərtləşdirilməsindən narahatdır.
Bu dəyişikliklər Çində internet mühitinin “təmizlənməsi” siyasətinin tərkib hissəsidir. Ölkədə daha əvvəl də “vulqar” canlı yayımlar və pornoqrafik məzmunlara qarşı genişmiqyaslı kampaniyalar həyata keçirilib.

