Rusiyalılara Yeni il gecəsi fişənglərdən imtina etmək tövsiyə olunub. Bu barədə RIA Novosti-yə açıqlamasında “Ədalətli Rusiya” partiyasının lideri, Dövlət Dumasındakı fraksiyanın rəhbəri Sergey Mironov bildirib.
“Vətəndaşları riski minimuma endirməyə və pirotexniki vasitələrdən istifadə etməməyə çağırıram. Bir-birimizə daha diqqətli və qayğıkeş yanaşmalıyıq ki, sonradan baş verənlərə görə peşman olmayaq”, — deyə deputat qeyd edib.
Sergey Mironov əlavə edib ki, 19 regionda Yeni il ərəfəsində fişənglərin buraxılmasına artıq qadağa tətbiq olunub. Onun sözlərinə görə, bəzi şəhərlərdə bu məhdudiyyət bayram günlərinin sonuna qədər qüvvədə olacaq. Fraksiya rəhbəri vurğulayıb ki, bu qərarlar populyar olmasa da, məcburi xarakter daşıyır.
Bundan əvvəl Sidorin Lab tədqiqat mərkəzinin ekspertləri bildiriblər ki, rusiyalılar fişəng və atəşfəşanlıqları hələ də bayramların ayrılmaz hissəsi kimi qəbul edir, onları ailə ənənələri, vətənpərvərlik və sevinc hissi ilə əlaqələndirirlər. Bununla yanaşı, araşdırmada təhlükəsizliklə bağlı narahatlıqların da mövcud olduğu qeyd olunur; istifadəçilər pirotexnikadan istifadə qaydalarına əməl edilməsinin və fişənglərin keyfiyyətinə nəzarətin vacibliyini vurğulayırlar.

