Versace rəsmi olaraq Peter Mulier brendin yeni kreativ direktoru təyin edildiyini açıqlayıb. O, 1 iyul 2026-cı ildən vəzifəsinin icrasına başlayacaq və bu postda Dario Vitaleni əvəz edəcək.
Bu təyinat əslində tək bir şəxsin dəyişməsi deyil, Versace üçün yeni mərhələnin başlanğıcıdır. Çünki Donatella Versacenin 2025-ci ildə brenddən ayrılmasından sonra moda evi keçid dövrünə daxil olmuşdu. Vitale-nin qısa müddətli fəaliyyəti isə artıq Prada Group tərkibində aparılan daha geniş restrukturizasiya planının bir hissəsi idi.
Bəs Peter Mulier kimdir və niyə bu qədər önəmlidir?

O, uzun illər Alaïa brendinin kreativ direktoru kimi tanınıb və moda dünyasında səssiz, amma çox güclü estetik dili ilə seçilir. Mülier:
– şou yox, forma və kəsimlə danışan,
– bədəni mərkəzə alan,
– seksapeli səs-küyə çevirmədən verən
bir dizayner kimi qəbul olunur.
Bu isə Versace üçün ciddi dönüş deməkdir. Çünki Versace illərdir:
– yüksək vizuallıq,
– dramatik seksuallıq,
– maksimalizm
üzərində qurulmuşdu.
Prada Group-un nə istədiyi burada açıq görünür:
Versace-ni sadəcə “parlaq və cəsarətli” yox, daha rafinə, uzunömürlü və yüksək moda dəyəri olan bir brendə çevirmək.
Bu baxımdan Mulier seçimi təsadüfi deyil. O:
– brendi “qışqıran” yox, danışdıran,
– trend arxasınca qaçan yox, trend yaradan,
– loqo yox, kəsim və materialla yadda qalan
bir xəttə yönəldə bilər.

Qısası, Versace artıq bir ad ətrafında fırlanan ev deyil. Prada Group üçün bu, yenidən mövqelənmə, Donatella dövründən post-ikonik mərhələyə keçid deməkdir.
Moda dili ilə desək:
Versace səhnə dəyişir. Və pərdə 2026-da qalxır.

