Yaponiyada seçicilər Milli Məclisin aşağı palatası olan Nümayəndələr Palatasına üzvləri müəyyənləşdirmək üçün növbədənkənar ümumi seçkilər çərçivəsində səsverməyə başlayıblar.
Ölkə üzrə 44 642 seçki məntəqəsində səsvermə yerli vaxtla saat 07:00-da start götürüb. Məntəqələrin 20:00-da bağlanması gözlənilir. Seçkilərdə parlamentdəki 465 yer uğrunda 1 284 namizəd mübarizə aparır.
Nümayəndələr Palatasında 289 deputat təkmandatlı dairələr üzrə, 176 deputat isə proporsional təmsilçilik sistemi ilə seçiləcək. Partiyalar 233 yerlik mütləq çoxluğa nail olmaq üçün yarışır.
Oktyabr ayında ölkənin ilk qadın baş naziri kimi vəzifəyə başlayan Sanae Takaichi 19 yanvar tarixində erkən seçki qərarını elan etmişdi.
O, Liberal Demokrat Partiyada lider dəyişikliyindən sonra baş nazir postunu üzərinə götürdüyünü və Yaponiya İnnovasiya Partiyası ilə koalisiya qurduqlarını xatırladaraq bildirib ki, hökumətin planlaşdırdığı bir sıra siyasətlər əvvəlki seçki kampaniyasında yer almayıb.
Bu səbəbdən xalqdan birbaşa mandat almaq istədiyini deyən Takaichi belə mesaj verib:
“Ölkənin idarəçiliyini mənə etibar edib-etməyəcəklərinə vətəndaşlarımız qərar versin.”

