Yaponiya UNESCOnun Ukrayna üzrə layihələri üçün əlavə 3,8 milyon dollar ayırmağa razılıq verib. Bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.
Yeni tranş nəzərə alınmaqla, Yaponiyanın UNESCO-ya Ukrayna istiqaməti üzrə ümumi dəstəyi 29,1 milyon dollara çatıb. Bu məbləğ təşkilat tərəfindən həmin istiqamət üçün səfərbər edilən vəsaitlərin təxminən 40 faizini təşkil edir.
UNESCO-da bildirilib ki, ayrılan maliyyə mədəniyyət, təhsil, kommunikasiya və informasiya sahələrində layihələrin icrasına yönəldiləcək. Proqram çərçivəsində mədəni irs obyektlərinin bərpası, təhsil təşəbbüslərinin dəstəklənməsi və media mühitinin inkişafı nəzərdə tutulur.
Təşkilatın məlumatına görə, hazırda Ukraynada proqramın həyata keçirilməsi üçün ümumilikdə 75 milyon dollardan çox vəsait səfərbər olunub.

