Fevralın 15-də Telegram messenceri 235 282 kanal və qrup çatının fəaliyyətini dayandırıb. Bu göstərici 23 yanvardan sonra ən yüksək rəqəm hesab olunur. Həmin tarixdə 300 840 icma məhdudlaşdırıcı tədbirlərə məruz qalmışdı. Məlumat platformanın rəsmi statistikasında əks olunub.
İlin əvvəlindən silinən resursların ümumi sayı 7 256 305-ə çatıb.
Fevralın ilk günlərindən etibarən 1 856 069 publik səhifə və qrup bloklanıb. Statistikaya görə, cari ilin əvvəlindən indiyədək silinən resursların 27 282-si terror fəaliyyəti ilə əlaqəli olub.
Şirkət nümayəndələri bildiriblər ki, 2015-ci ildən etibarən moderasiya sistemi istifadəçi müraciətləri və maşın öyrənməsi vasitəsilə aparılan proaktiv monitorinqə əsaslanır.
“2015-ci ildən etibarən sistem istifadəçi müraciətləri və maşın öyrənməsi əsasında proaktiv monitorinqə söykənir. 2024-cü ilin əvvəlində isə bu mexanizmlər süni intellekt əsaslı alətlərlə daha da təkmilləşdirilib.”

