Münster Universitetində 2026-cı il 1 iyul tarixindən etibarən Almaniyada ilk İslam teologiyası fakültəsi fəaliyyətə başlayacaq. Yeni fakültə 2012-ci ildən mövcud olan İslam teologiyası mərkəzinin bazasında yaradılır və həmin mərkəz ləğv edilir. Bu struktur universitetin on altıncı fakültəsi olacaq.
Fakültənin təsisçi dekanı vəzifəsinə 2010-cu ildən İslam dini təhsili kafedrasına rəhbərlik edən professor Məhəmməd Horxide təyin olunub. Tədrisin 2026–2027-ci tədris ilinin qış semestrindən başlaması planlaşdırılır. Səkkiz professor İslam fəlsəfəsi, sosial iş və digər istiqamətlər üzrə dərs deyəcək. Hazırda universitetin bu sahə üzrə proqramlarında təxminən 450 tələbə təhsil alır.
Yeni fakültə əvvəlki mərkəz statusu ilə müqayisədə daha geniş muxtariyyətə malik olacaq. O, tədris proqramlarını müstəqil şəkildə formalaşdırmaq, elmi tədqiqat istiqamətlərini müəyyənləşdirmək, imtahan qaydalarını hazırlamaq, həmçinin bakalavr, magistr və doktor elmi dərəcələri vermək səlahiyyətinə sahib olacaq. Fakültənin ilk seçkili şurasının 2027-ci ilin yay semestrində formalaşdırılması nəzərdə tutulur.
İslam teologiyası fakültəsi universitetdə artıq fəaliyyət göstərən evangelik və katolik fakültələri ilə birlikdə yeni yaradılacaq “Teologiya və Din Elmləri Kampusu”nun tərkibinə daxil ediləcək. Kampusda din mövzusu üzrə dünyanın ən böyük elmi kitabxanalarından birinin yerləşdirilməsi planlaşdırılır.
Universitetin rektoru Yohannes Vessels bu addımı “İslam teologiyası üçün mühüm mərhələ” kimi qiymətləndirərək, cəmiyyətdə daha yüksək tolerantlığın təşviqinə töhfə verəcəyini bildirib.

