Vyetnam hakimiyyəti ölkənin şimalında yerləşən qəbiristanlığı sökməyi planlaşdırır. Məqsəd həmin ərazini ABŞ Prezidenti Donald Trampa məxsus şirkətin tikəcəyi qolf meydançası və elit yaşayış kompleksi üçün boşaltmaqdır.
Bu barədə Britaniyanın Financial Times qəzeti mənbələrə istinadən yazıb.
Məlumata görə, dəyəri 1,5 milyard dollar olan layihə The Trump Organization və onun yerli tərəfdaşları tərəfindən həyata keçiriləcək.
Nəşr yazır ki, bu tikinti həm Vyetnam, həm də ABŞ üçün simvolik əhəmiyyət daşıyır. 2025-ci ilin mayında keçirilən təməlqoyma mərasimində Vyetnamın o zamankı Baş naziri Fam Min Çin bildirib ki, qolf meydançası ikitərəfli münasibətlərin möhkəmlənməsi və xüsusilə ABŞ-dan olan xarici investorların etimadının artırılması baxımından vacibdir.
Kompleksin əvvəlcə 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılırdı. Lakin torpaq sahələri ilə bağlı mübahisələr layihənin icrasını gecikdirib.
Financial Timesın keçirdiyi sorğulara görə, tikintidən təsirlənəcək təxminən 4 min yerli sakin ya torpağını verməkdən imtina edir, ya da hökumətdən daha yüksək kompensasiya tələb edir.

