Banqladeşdə yerləşən Daffodil Beynəlxalq Universitetinin professoru Qreq Saymons bildirib ki, ABŞ prezidenti Donald Tramp hərbi strategiyanı anlamır, çünki gənclik illərində Vyetnam müharibəsində iştirakdan yayınıb. Bu barədə o, “Lenta.ru”-ya müsahibəsində danışıb.
Ekspert xüsusilə ABŞ-ın İrana qarşı mümkün quru əməliyyatının risklərinə diqqət çəkib. Onun sözlərinə görə, ABŞ hərbçiləri Fars körfəzində yerləşən Xark adasına desant çıxara bilər, lakin bu addım Vaşinqton üçün fəlakətli nəticələr doğura bilər.
“Xark adası İran tərəfindən artilleriya zərbələri üçün ideal hədəfə çevrilə bilər. Lakin Tramp bunu anlamır — o, gənclik illərində Vyetnam müharibəsində hərbi xidmətdən yayınıb və hərbi strategiya barədə məlumatlı deyil”, – deyə Saymons bildirib.
Qeyd olunur ki, Tramp Vyetnam müharibəsi dövründə beş dəfə hərbi xidmətə çağırışdan möhlət alıb: bunlardan dördü təhsil, biri isə tibbi səbəblərlə bağlı olub. Bəzi hallarda onun travmanı saxtalaşdırdığına dair iddialar da irəli sürülüb.
Eyni zamanda, martın 17-də Tramp jurnalistlərə açıqlamasında İranda “Vyetnam ssenarisinin” təkrarlanmayacağını düşündüyünü və mümkün quru əməliyyatının uzunmüddətli münaqişəyə çevrilməyəcəyinə inandığını bildirib.

