Qəzza sektorunda dağıntılar altında qalan minlərlə fələstinlinin şəxsiyyəti heç vaxt müəyyən edilməyə bilər.
Bu barədə The Guardian qəzeti Beynəlxalq Qızıl Xaç Komitəsinin Qüdsdəki nümayəndəsi Pet Qriffitsə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, dağıntıların təmizlənməsi işləri son dərəcə yavaş aparılır. Bunun əsas səbəblərindən biri isə bölgəyə lazımi ağır texnikanın çatdırılmasının hələ də mümkün olmamasıdır.
Qriffits bildirib ki, hər keçən gün Qəzzada dağıntılar altında qalan minlərlə fələstinlinin tanınmadan qalması riski artır.
O qeyd edib ki, dağıntıların təmizlənməsi ləng gedir və çox sayda insanın cəsədi hələ də dağıntılar altından çıxarılmayıb.
Mütəxəssislər hesab edirlər ki, ağır texnikanın çatışmazlığı və təhlükəsizlik problemləri axtarış və identifikasiya prosesini daha da çətinləşdirir.

