Avropa İttifaqı (Aİ) beş Karib ölkəsindən “qızıl pasport” proqramlarından imtina etməyi tələb edib.
Bu barədə The Washington Post (WP) yazıb.
Nəşrin məlumatına görə, Aİ Antiqua və Barbuda, Dominika, Qrenada, Sent-Kits və Nevis, həmçinin Sent-Lüsiya üçün bu proqramları mərhələli şəkildə ləğv etməyə 1 iyun 2028-ci ilə qədər vaxt verib.
Əks halda, həmin ölkələrin vətəndaşları Şengen zonasına vizasız giriş hüququndan məhrum ola bilərlər.
“Qızıl pasport” proqramları əcnəbilərə ölkə iqtisadiyyatına investisiya yatırmaq müqabilində pasport almağa imkan verir. Belə investisiyaların məbləği 200 min dollardan başlayır.
Bu pasportlar sahiblərinə Avropa da daxil olmaqla 140-dan çox ölkəyə vizasız giriş imkanı yaradır.
Avropa Komissiyasının məlumatına görə, proqramların mövcud olduğu dövrdə 100 mindən çox pasport verilib. Müraciət edənlərin əhəmiyyətli hissəsi isə Aİ-yə giriş üçün vizaya ehtiyacı olan ölkələrin vətəndaşları olub.
Xatırladaq ki, 2025-ci ilin aprelində İspaniya hakimiyyəti də investisiya müqabilində yaşayış icazəsi verilməsi proqramını ləğv edib. “Qızıl viza” almağın ən populyar yolu 500 min avrodan başlayan daşınmaz əmlak alışı idi.
Bundan başqa, İspaniya şirkətlərinin səhmlərinə 1 milyon avrodan, dövlət qiymətli kağızlarına isə 2 milyon avrodan başlayan investisiyalar da nəzərdə tutulurdu.

