Rusiya iki hərbi attaşesini ölkədən çıxaran İtaliyaya qarşılıqlılıq prinsipi əsasında cavab verib. Moskva İtaliyanın Rusiyadakı səfirliyində çalışan iki diplomatı “arzuolunmaz şəxs” elan edib.
Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında xatırladılıb ki, İtaliya daha əvvəl Rusiyanın Romadakı səfirliyinin hərbi attaşesi və onun müavinini ölkədən çıxarmaq barədə qərar qəbul edib.
Moskva bu qərarı “əsassız” adlandırıb. Məsələ ilə əlaqədar İtaliyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Covanni Skoppa Xarici İşlər Nazirliyinə çağırılıb.
Bildirilib ki, İtaliya səfirliyinin hərbi attaşesi Davide D’Aprile və onun müavini Vittorio Parrella “persona non grata” elan ediliblər. Diplomatlara və onların ailə üzvlərinə Rusiyanı tərk etmək üçün 72 saat vaxt verilib.
Rusiya tərəfi açıqlamasında “rusiyalı diplomatlara qarşı istənilən düşmən və ya təxribat xarakterli addım cavabsız qalmayacaq” mesajını verib.
İki ölkə arasında diplomatik gərginlik İtaliyanın xarici işlər naziri Antonio Tayaninin iyulun 9-da verdiyi açıqlamadan sonra artıb. O, Rusiyanın Romadakı səfirliyində çalışan iki hərbi attaşenin casusluq fəaliyyətində şübhəli bilindikləri üçün ölkədən çıxarılacağını bildirmişdi.
Rusiyanın son qərarı ilə Moskva və Roma arasındakı diplomatik böhran daha da dərinləşib.

