Gəncliyini qorumaq üçün müxtəlif eksperimentlər aparan amerikalı milyonçu Brayan Conson ilk dəfə bu prosesdə həddindən artıq irəli gedib-getmədiyini düşünməyə başladığını etiraf edib.
“Daily Star” yazır ki, 48 yaşlı milyonçuda iyulun əvvəlində autoimmun atrofik qastrit aşkarlanıb. Bu xəstəlik zamanı immun sistemi mədənin hüceyrələrinə hücum edir.
Brayan Conson sosial şəbəkədə paylaşım edərək bütün gəncləşmə təcrübələrini yenidən düşündüyünü və özünə “Bəlkə bu işdə həddimi aşmışam?” sualını verdiyini bildirib.
Onun izləyiciləri isə milyonçunu sakitləşdirməyə çalışıblar. Bəziləri xəstəliyin ölümcül olmadığını, onun yaşına görə yaxşı göründüyünü yazıb. Digərləri isə Consonun təcrübələrinin gələcəkdə bütün insanlar üçün faydalı ola biləcəyini qeyd ediblər.
Daha əvvəl Brayan Consonun sevgilisi üzərində də müxtəlif sağlamlıq və gəncləşmə təcrübələri aparmağa başladığı bildirilmişdi. Milyonçu onun “dünyanın ən çox araşdırılan qadını” olacağını demişdi.

