Dünyada geniş maraq görən Türk mətbəxi bu dəfə Ermənistan parlamentinin gündəminə gəlib.
Türkiyə mediasının yazdığına görə, Ermənistan parlament sədrinin müavini Ruben Rubinyan çıxışı zamanı Türkiyəyə səfəri çərçivəsində daddığı yeməklərdən danışıb və xüsusilə Adana kababının dadından təsirləndiyini bildirib.
Rubinyan parlament kürsüsündən belə deyib:
“Türkiyədə kabab yedim, Adana kababı. Çox xoşuma gəldi. Möhtəşəm dadı var idi.”

O, çıxışı zamanı İskəndər kababını da bəyəndiyini qeyd edərək, sousla birlikdə təqdim edildikdə yeməyin daha da fərqli və ləzzətli olduğunu bildirib.
Rubinyan əlavə edib:
“İskəndər isə yanında sous olanda tamam başqa olur. Ləzzətli yeməklər üçün ora tez-tez gedərdim.”

Ermənistan rəsmisi Türkiyəyə səfərləri zamanı Patriarxlığı da tez-tez ziyarət etdiyini söyləyib.
Rubinyanın türk mətbəxinə heyranlığını parlament kürsüsündən dilə gətirməsi ölkə gündəmində geniş müzakirələrə səbəb olub. İclasda iştirak edən bəzi deputatların onun sözlərini təəccüblə dinlədiyi bildirilib.

