BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Qəzza sektorunda atəşkəs qüvvəyə mindikdən sonra İsrailin hücumları nəticəsində 1300-dən çox fələstinlinin həyatını itirdiyini bildirib.
Türk bunu Cenevrədə BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyasının açılışında çıxışı zamanı deyib.
O, Qəzzada zorakılığın davam etməsindən, humanitar yardımın bölgəyə çatdırılmasına qoyulan məhdudiyyətlərdən və İsrail rəsmilərinin anklav sakinlərinin məcburi köçürülməsi ilə bağlı bəyanatlarından dərin narahatlıq keçirdiyini bildirib.
Ali Komissar İordan çayının qərb sahilində ilhaq prosesinin davam etdiyini də qeyd edib və dövlətləri beynəlxalq hüququn pozulmasında istifadə oluna biləcək silahların ixracını dayandırmağa çağırıb.
Türk, həmçinin kommersiya şirkətlərini qanunsuz yaşayış məntəqələrini dəstəkləyən fəaliyyətdən imtina etməyə səsləyib.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, hazırkı atəşkəs qüvvəyə mindikdən sonra 1344 fələstinli həlak olub, 4481 nəfər yaralanıb. 2023-cü ilin oktyabrından bəri ölənlərin ümumi sayının isə 73,6 mini keçdiyi bildirilir.

