Birləşmiş Ərəb Əmirlikləri Yaxın Şərqdəki münaqişə başa çatdıqdan sonra gec-tez İranla münasibətləri bərpa etməli olacaq.
Bunu BƏƏ Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qərqaş Əbu-Dabidə keçirilən, Yaxın Şərqin geosiyasi, iqtisadi və təhlükəsizlik məsələlərinə həsr olunmuş “Hili Forum”da çıxışı zamanı bildirib.
“İranla münasibətlər təkcə BƏƏ üçün deyil, bütün Körfəz ölkələri üçün əsas məsələlərdən biri olaraq qalır. İran bizim qonşumuzdur və nə vaxtsa bərpa edilə bilən münasibətləri bərpa etməyin yolunu tapmalı olacağıq. Coğrafiya bizə başqa seçim qoymur”, – Qərqaş deyib.
Bununla yanaşı, müşavir münasibətlərin bərpası ilə qarşılıqlı etimadın yenidən qurulmasının eyni şey olmadığını vurğulayıb. Onun sözlərinə görə, işgüzar və funksional münasibətləri bərpa etmək daha asandır, lakin qarşılıqlı etimadın geri qayıtması uzun illər, hətta onilliklər çəkə bilər.

