Ötən ay Azərbaycanda 22 klinika və 3 plastik cərrah barəsində inzibati tədbirlər görülüb.
Bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Aparılan yoxlamalar zamanı müvafiq sertifikat və ya lisenziya olmadan tibbi xidmətlərin göstərilməsi, lisenziyada nəzərdə tutulan fəaliyyət çərçivəsindən kənara çıxılması, qeydiyyatdan keçməyən və ya istifadə müddəti bitmiş dərman vasitələrindən istifadə edilməsi, eləcə də yoxlamaların aparılmasına maneələrin yaradılması kimi pozuntular aşkarlanıb.
Bundan başqa, iki ümumi cərrah və bir üz-çənə cərrahının ixtisaslarına uyğun olmayan plastik əməliyyatlar həyata keçirdiyi müəyyən edilib. Hər bir fakt üzrə inzibati protokollar tərtib olunub.
Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, bu cür pozuntular vətəndaşların sağlamlığı və həyatı üçün təhlükə yarada bilər. Bu səbəbdən tibb müəssisələrində yoxlamalar davam etdirilir.

