ABŞ-nin Florida ştatında aparılan istintaq zamanı 5–9 yaş arasında dörd uşağın illərlə ağır zorakılıq və baxımsızlığa məruz qaldığı iddia edilən dəhşətli hadisə üzə çıxıb.
Florida Baş Prokurorluğunun məlumatına görə, uşaqların 2020-ci ilin yanvarından 2026-cı ilin aprelinədək yük avtomobilinin yataq kabinində yaşamağa məcbur edildiyi bildirilir. İstintaq materiallarında onların Atlanta–Mayami marşrutu üzrə hərəkət edən avtomobildə saxlanıldığı qeyd olunur.
Uşaqların bir yatağı bölüşdüyü, normal qidalanma, gigiyena, təhsil və tibbi xidmətdən məhrum edildiyi, bəzi hallarda isə dayanacaqlarda avtomobilin içərisində kilidli saxlanıldığı iddia edilir.
İstintaq materiallarında uşaqlardan ikisinin bədənində müalicə olunmamış yanıq izlərinin aşkarlandığı bildirilir. Həmçinin uşaqlardan ikisinin uzun müddət cinsi zorakılığa məruz qaldığına dair ittihamlar irəli sürülüb. Mövzunun həssaslığını nəzərə alaraq, istintaq sənədlərində yer alan digər təfərrüatları təqdim etmirik.
İş üzrə 51 yaşlı Keysha Monique Epps və 37 yaşlı Tamra Marshon Stewart saxlanılıb. Onlara uşaqlara qarşı cinsi zorakılıq, ağır baxımsızlıq, fiziki zorakılıq və baş verənləri hüquq-mühafizə orqanlarına bildirməmək də daxil olmaqla ümumilikdə 22 ittiham irəli sürüldüyü bildirilir.


Florida Baş prokuroru James Uthmeier uşaqların saxlanıldığı şəraiti “hərəkətdə olan həbsxana” adlandırıb və iş üzrə qanunvericiliyin nəzərdə tutduğu ən ağır cəzanın tələb olunacağını bildirib. Məhkəmə prosesi davam etdiyindən, şübhəlilərə qarşı irəli sürülən ittihamlar hələ yekun hökm hesab edilmir.

